"Azərbaycanda internet qiymətləri hələ də yüksəkdir"
- Bu gün dünyada informasiya təhlükəsizliyi günü kimi qeyd edilir. Ölkəmizdə internetdə irəliləyişlər varmı?
- İnternetdə müəyyən irəliləyişlər olsa da, problemlər qalmaqdadır. Bu da ondan ibarətdir ki, Azərbaycan internetində qiymətlər hələ də yüksəkdir. İkinci, Azərbaycan internetinin keyfiyyəti hələ də qaneedici deyil. İstifadəçilərin aldığı internetin sürəti mövcud normalara cavab vermir. Eyni zamanda, Azərbaycan internetində provayderlərin sayı artıb, Bakıda 35, 40-a yaxın provayder var, ancaq burada azad, sərbəst rəqabət hələ yetərincə formalaşmayıb. Mənə elə gəlir ki, bizim provayderlərimiz qlobal şəbəkəyə, yəni internetə qoşulmaq üçün yalnız hələlik bir şirkətin xidmətindən istifadə edirlər. Bu sahədə qlobal şəbəkəyə qoşulmaqla bağlı bizdə uzun müddət inhisarçılıq var.
- Casus proqramlarının yaradılması məsələsində hansı irəliləyişlər var?
- Bu gün bütun dunyada informasiya təhlükəsizliyi günü kimi qeyd olunur. Mən arzu edirəm ki, bu problem bizdən uzaq olsun. Amma baxmayaraq bayaq qeyd etdiyim kimi, internet istifadəçilərinin sayı bizdə texnologiya inkişaf etdikcə, bu problem bizdə də zaman-zaman öz əksini göstərəcək, və göstərməkdədir. Yəni, beynəlxalq təhkilatlar hazırda ciddi təhlükə kimi casus proqramlarını göstərirlər. Bu da ondan ibarətdir ki, informasiya sistemlərinə, kompyuterlərə, şəbəkələrə daxil olan bu proqramlar istifadəçinin xəbəri olmadan onun kompyuterində istənilən əməliyyatları qabaqcadan müəyyən mənbəyə ötürməklə məşğuldur. Yəni bu dəqiqə qlobal dünyanı ciddi narahat edən təhlükələrdən biri bundan ibarətdir.
- Madam ki ölkəmizdə də belə faktlar var. Bəs niyə ölkəmiz kibercinayətkarlığa qarşı mübarizə konvensiyasına qoşulmayıb?
- Biz bir neçə ildir bu məsələni qaldırırıq ki, informasiya təhlükəsizliyi məsələsi bir ölkənin daxili məsələsi ola bilməz. Şəbəkə, internet qlobaldırsa, deməli tənzimləmə də qlobal olmalıdır. Qlobal, tənzimləyici beynəlxalq sənədlər, xüsusən də Avropada bu məsələni tənzimləyən kibercinayətkarlığa qarşı konvensiyadır. Mən bildiyim qədər Rabitə və İnformaisya Texnologiyaları Nazirliyi, Milli Təhlükəsizlik Nazirliyində, digər qurumlarda uzun müddətdir bu məsələlər öyrənilir. Amma nə üçün bu qədər uzun çəkir, bu, ciddi narahatçılıq doğuran məsələdir. Mən belə başa düşürəm ki, bu konvensiyaya qoşulmaq üçün Azərbaycanın özünün daxilində müəyyən şərtlər ödənməlidir. Tutaq ki, haradansa Azərbaycandan hansısa ölkənin şəbəkəsinə hücum olarsa, həmin konvensiyaya qoşulandan sonra o ölkənin nümayəndələri gəlib burada təhqiqat apara bilərlər. Təbii ki burada təhlqiqat aparılacaqsa, o yalnız həmin nöqtəni təhqiq edə biləcək və şəbəkə vasitəsilə digər nöqtələrə də nüfuz edə bilər. Mən belə düşünürəm ki bu məsələləri bizim bölgədə hələ tənzimləyə bilmirlər. Yəni bu konvensiyanın tələblərinə cavab verəcək səviyyədə deyil, yoxsa konvensiyaya qoşulardı.
- Bu sahədə cinayətlər bizdə artan temp üzrə gedir, yoxsa bu sahədə mübarizə güclənib?
- Yox, mən deyərdim ki, belə halların qarşısının alınmasının artan templə getməsini müşahidə etmirik. Əksinə, insanların kompyuterinin, Azərbaycana məxsus olan dövlət internet resurslarının sıradan çıxması hallarını müşahildə edirik, nəinki onun qarşısının alınmasını.
- Ümumuyyətlə, bu sahədə əsas ciddi problem nədən ibarətdir?
- Bizdə dövlət sirrlərini qorumaq üçün informasiya təhlükəsizliyi vasitələrini sınaqdan keçirən laboratoriyalar açılmalıdır. Bununla bağlı qanunvericilkdə kifayət qədər müddəalar nəzərdə tutulur, amma məsələ hələ həllini tapmayıb. /ANS TV/


